Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII yüksəksəviyyəli görüşünə yekun vurulub.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən ikigünlük toplantının ikinci günündə enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, süni intellekt, çoxtərəflilik və qlobal səhiyyə məsələləri müzakirə olunub.
Günün əvvəlində Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel enerji təhlükəsizliyi və kritik infrastrukturun dayanıqlılığının artan əhəmiyyətinə diqqət çəkib. O, enerji sistemlərinin böhranlar zamanı da fəaliyyətini davam etdirə biləcək şəkildə qurulmasının vacibliyini vurğulayıb.
Ukraynanın Baş nazir müavini – energetika naziri Denis Şmıqal müharibənin ölkənin enerji sisteminə ciddi təsir göstərdiyini, ötən qış 9 giqavat enerji gücünün itirildiyini bildirib. O, Ukrayna təcrübəsinin strateji avadanlıq ehtiyatlarının yaradılmasının, sürətli bərpa və qarşılıqlı yardım mexanizmlərinin formalaşdırılmasının vacibliyini göstərdiyini qeyd edib.
Daha sonra ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın moderatorluğu ilə “Enerji, təhlükəsizlik və iqlim: üçlü keçidin idarə edilməsi” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə enerji təhlükəsizliyi, regional bağlantılar, yaşıl keçid və onun maliyyələşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Paneldə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib ki, şirkət 2035-ci ilədək ənənəvi neft-qaz şirkətindən daha geniş profilli enerji şirkətinə çevrilməyi hədəfləyir. Onun sözlərinə görə, neft və qaz enerji portfelində mühüm rolunu qoruyacaq. Bununla yanaşı, SOCAR bərpaolunan enerji və aşağıkarbonlu biznes istiqamətlərini də inkişaf etdirir.
Əfqan İsayev enerji təhlükəsizliyinin əsas şərtlərindən birinin mənbələrin, təchizat marşrutlarının və tərəfdaşlıqların şaxələndirilməsi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir və onların 10-u Avropa İttifaqının üzvüdür.
Günün davamında Böyük Britaniyanın keçmiş Baş naziri Qordon Braun çıxış edərək bildirib ki, münaqişələr, iqlim və humanitar böhranlar fonunda beynəlxalq əməkdaşlıq insanlara yenidən ümid verə bilər. O, Qlobal Şimal ilə Qlobal Cənub arasında münasibətlərin bərabərlik prinsipi əsasında qurulmasının vacibliyini vurğulayıb.
Görüş “Süni intellekt, rəqəmsal suverenlik və qlobal idarəetmənin gələcəyi”, “Bakıdan Belemə və Türkiyəyə: qlobal parçalanma dövründə iqlim əməkdaşlığının davam etdirilməsi”, “Çoxtərəflilik: köhnə nizamın müdafiəsindən yenisinin qurulmasına doğru” və “Qlobal səhiyyənin növbəti mərhələsi: öhdəlikdən kollektiv fəaliyyətə” mövzularında panel müzakirələri ilə davam edib.