AMEA Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin əməkdaşları filologiya elmləri doktoru, professor Məsud Mahmudov, filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova və şöbənin böyük elmi işçisi Maya Heydərova Özbəkistanda keçirilən MSBC–2026 beynəlxalq konfransında iştirak ediblər.
İnstitutdan bildirilib ki, iki ildən bir təşkil olunan beynəlxalq elmi forum Özbəkistan Milli Universitetinin Kompüter dilçiliyi və tətbiqi dilçilik kafedrasının təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilib.
Konfrans Litva Əməliyyat Tədqiqatları Cəmiyyəti, Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Turan Universiteti, Narxoz Universiteti, Hamburq Tətbiqi Elmlər Universiteti, Arkanzas Universitetinin Litl-Rok kampusu, Klaypeda Universiteti və Vitautas Maqnus Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Elmi tədbir, həmçinin Avropa Əməliyyat Tədqiqatları Cəmiyyətləri Assosiasiyasının və “Science and Innovation” beynəlxalq elmi jurnalının dəstəyi ilə keçirilib. Elmi forumda Avropa ölkələri ilə yanaşı, Çin, Azərbaycan, Yunanıstan, Litva, Almaniya, Avstraliya, Hindistan, Gürcüstan, Türkiyə, Rusiya və Qazaxıstanın aparıcı ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Konfrans çərçivəsində plenar və bölmə iclaslarında süni intellekt və böyük dil modelləri, təbii dilin emalı və dil texnologiyaları, sosial-davranış hadisələrinin modelləşdirilməsi və rəqəmsal əkizlər, iqtisadi sistem modellərinin və oyunlar nəzəriyyəsinin tətbiqi, regional tədqiqatlar, davamlı inkişaf və təhsil texnologiyaları kimi aktual elmi istiqamətlər üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb. MSBC–2026 konfransı müxtəlif ölkələrdən olan alimlərin elmi əlaqələrinin genişləndirilməsi, müasir süni intellekt və dil texnologiyaları sahəsində aparılan tədqiqatların nəticələrinin müzakirəsi, eləcə də beynəlxalq elmi əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Konfransın diqqətçəkən cəhətlərindən biri də iştirakçıların seçilmiş elmi-tədqiqat nəticələri və məqalələrinin beynəlxalq elmi nəşr platforması olan “Springer” vasitəsilə nəşrinin nəzərdə tutulmasıdır. Konfransın təşkilati məsələlərində yaxından iştirak edən dosent Könül Həbibova səfər çərçivəsində M.Uluqbek adına Özbəkistan Milli Universitetində kompüter dilçiliyi ixtisası üzrə təhsil alan magistrantlara ustad dərsi keçib.