Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti “UFlex Limited” ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) arasında əməkdaşlıq əsasında yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur.

 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, layihə “UFlex Limited”in beynəlxalq aktivlərini idarə edən “Flex Middle East FZE” şirkəti vasitəsilə reallaşdırılacaq. Bu məqsədlə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABİF, “Flex Middle East FZE” və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

117,7 milyon dollar dəyərində olan istehsal layihəsi Ələt Azad İqtisadi Zonasında (AFEZ) həyata keçiriləcək. Layihənin icrası məqsədilə “Flex Films AZB AFEZCO” şirkəti təsis edilib və müəssisənin yaradılması üçün AFEZ-də 4,7 hektar torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində illik 60 min ton istehsal gücünə malik müasir müəssisənin yaradılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və ölkəmizdə qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.

Qeyd edək ki, “UFlex Limited” 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma plyonkaları, qablaşdırma materialları və əlaqəli məhsul və texnologiyaların istehsalı üzrə ixtisaslaşıb. “UFlex” məhsullarını 150-dən çox ölkəyə ixrac edir və 9 ölkədə beynəlxalq standartlara uyğun istehsal müəssisələrinə malikdir.