“Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində müxtəlif döyüş tapşırıqları icra olunub.

 

Təlimdə iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə yerinə yetiriblər.

Təlimin əsas məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dayanıqlı sülh və təhlükəsizliyə töhfə verilməsidir.

Təlim başlamazdan əvvəl qonaqlara onun məqsədi, ssenarisi, təhlükəsizlik qaydaları və icra ediləcək tapşırıqlar barədə məlumat verilib. Həmçinin birliyin idarəetmə məntəqəsi və “rəqəmsal ordu” konsepsiyası təqdim olunub.

Təlim zamanı kibertəhlükəsizliyin təmin edilməsi, kiberhəmlələrin aşkarlanması və zərərsizləşdirilməsi, dezinformasiyaya qarşı mübarizə, eləcə də PUA-lardan məlumatlandırma məqsədilə istifadə üzrə fəaliyyətlər nümayiş olunub.

Ssenariyə uyğun olaraq, terrorçuların mövqelərinə raket-artilleriya və aviasiya vasitələri, eləcə də PUA-larla zərbələr endirilib. Yandankeçmə dəstələri döyüş mövqelərini dövrələyərək ələ keçirib, əsas qüvvələrin əməliyyata cəlb olunması üçün şərait yaradılıb.

Növbəti mərhələlərdə yaşayış məntəqəsinin bloklanması və terrorçulardan təmizlənməsi, nəzarət-buraxılış məntəqələrinin qurulması, humanitar minatəmizləmə, yaralıların tibbi təxliyəsi, mina sahələrindən və dağıntılardan keçidlərin açılması, körpünün qurulması və PUA hücumlarının qarşısının alınması üzrə tapşırıqlar icra olunub.

Təlimin ayrı-ayrı epizodlarının ölkənin müxtəlif bölgələrində keçirilməsi ilə əlaqədar qonaqların bütün prosesləri real vaxt rejimində izləməsi üçün iriölçülü monitorlar quraşdırılıb. Monitorlarda, həmçinin dövlət sərhədinin mühafizəsi, dəniz sərhədlərində əməliyyatlar, PUA hücumlarının qarşısının alınması, girovların azad olunması və dəniz desantının çıxarılması kimi epizodlar nümayiş etdirilib.

Təlim çərçivəsində aviasiya və artilleriya sistemlərinin praktiki tətbiqi, real atışlar, bölmələrin taktiki fəaliyyəti və çoxmillətli əməliyyatlarda qarşılıqlı fəaliyyət məsələləri də işlənilib.

“Birliyin Gücü – 2026” təlimi iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin gücləndirilməsinə, birgə əməliyyatlara hazırlığın və bölmələrin koordinasiyasının artırılmasına xidmət edir.

Sonda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin uğurla başa çatdırılmasında fəal iştirak edən, qarşıya qoyulmuş tapşırıqların icrasında yüksək peşəkarlıq və hazırlıq nümayiş etdirən bir qrup hərbi qulluqçu təltif olunub.