Pakistanın Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Pakistan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə oktyabrın 2-də “Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı” adlı ədəbi tədbir təşkil edib.

 

Pakistan səfirliyinin məlumatına görə, tədbirdə pakistanlı yazıçı və motivasiya spikeri Qasim Əli Şahın “Towards the Goal” (“Mənzilə doğru”) əsərinin Azərbaycan dilinə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərinin isə urdu dilinə tərcüməsi təqdim olunub.

Tədbiri Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Vəcihə Qəmər açıb. Milli Məclisin deputatları Tamam Cəfərova və Rizvan Nəbiyev Azərbaycanla Pakistan arasında tarixi və mədəni əlaqələrdən danışıblar.

Proqram çərçivəsində Virginiya Morqan-Hayatın Pakistanın mədəniyyəti, irsi və təbiət mənzərələrini əks etdirən fotolarından ibarət sərgi təqdim olunub. O, həmçinin Pakistanla bağlı şəxsi təəssüratlarını bölüşüb.

Tədbirdə “Salam Pakistan” sənədli filmi nümayiş etdirilib, qonaqlara Pakistan mətbəxinin nümunələri təqdim olunub.

Tədbirin əsas məqsədi Azərbaycan və Pakistan arasında ədəbi-mədəni əlaqələrin və xalqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə vermək olub.