Oktyabrın 5-də Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu keçirilib.

 

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutub. Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşmək olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Foruma ev sahibliyi edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında builki tədbirin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor müasir universitetin yalnız mütəxəssis hazırlayan deyil, həm də yeni bilik yaradan, elmi tədqiqat və innovasiyaları təşviq edən intellektual mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva bildirib ki, təhsil prosesində innovativ yanaşmaların tətbiqi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi və milli-mənəvi dəyərlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında təhsilin inkişafında müəllimlərin mühüm rolunu vurğulayıb.

Nazir təhsilin əsas məqsədinin hər bir şagirdin öyrənməsini təmin etmək olduğunu bildirərək təhsilin əlçatanlığı, keyfiyyəti və bərabər imkanların yaradılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda əsas məruzə ilə onlayn formatda çıxış edib. Andreas Şleyxer süni intellekt dövründə tənqidi düşünmə, məlumatı qiymətləndirmə və müxtəlif mənbələr arasında əlaqə qurmaq kimi bacarıqların əhəmiyyətinin daha da artdığını bildirib.

Forum çərçivəsində TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni intellekt mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib. Təqdimatlarda “İnformasiya bolluğu, məna qıtlığı”, “Gələcəyin məktəbi: memarlıq öyrənmə, rifah və icmanı necə formalaşdırır?”, “Təhsildə süni intellekt: Sinqapurun ilk təcrübələri” və “Heç kim baxmayanda: süni intellekt dövründə xarakter tərbiyəsi” mövzularına toxunulub.

Forum çərçivəsində, həmçinin professor Ziya Səlcuqla sual-cavab sessiyası keçirilib. Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulub.

Tədbir bədii hissə ilə yekunlaşıb.