İqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə rəqəmsal iqtisadiyyatın iqtisadiyyatın şaxələndirilməsinə və rəqabətqabiliyyətliliyin artırılmasına verdiyi töhfə, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsi məsələləri müzakirə olunub.
Tərəflər startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişaf etdirilməsi və yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin rəqəmsal transformasiya, innovasiya və texnologiyalar sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ilin noyabrında rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı təşviq etmək, ölkələr, bizneslər və insanlar üçün rəqəmsal rifah imkanlarını genişləndirmək məqsədilə yaradılmış qlobal çoxtərəfli təşkilatdır. Azərbaycan 2026-cı ildən təşkilatın üzvüdür.