Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı Sloveniyanın Lyublyana şəhərində davam etdirib.

 

Sloveniyanın Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının tərəfdaşlığı ilə Konqres Meydanında ekspozisiya açılıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini əks etdirən sənədli fotoşəkillər sərgilənib.

Diqqətə çatdırılıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan əraziləri minalarla kütləvi şəkildə çirkləndirilib, oktyabrın 8-də Cəbrayılın Dağmaşanlı kəndində növbəti mina partlayışı hadisəsi baş verib, 2 nəfər dinc sakin xəsarət alıb, beləliklə, minadan xəsarət alanların sayı 441-dən 443-ə çatıb. Bu rəqəm sərgidəki məlumat lövhəsində əks etdirilib.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA ilə tərəfdaşlıq çərçivəsində birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqələrinin 2026-cı il üzrə qalibidir.