Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli Sərəncamına uyğun olaraq, Xarici İşlər Nazirliyi (XİN) ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.

 

XİN-dən bildirilib ki, proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 55 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.

Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların, milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil almaları nəzərdə tutulub.

Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.