Bakıda regionun inşaat sektorunun aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) davam edir. Həftə çərçivəsində tikinti, memarlıq, şəhərsalma, infrastrukturun inkişafı və müasir texnologiyalarla bağlı sərgilər, işgüzar görüşlər və müxtəlif peşəkar tədbirlər keçirilir.
“Caspian Construction Week”in ikinci günü çərçivəsində ikitərəfli biznes görüşləri (B2B/B2G), “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qarabağ Hakatonu 2026”, eləcə də bir sıra panel müzakirələri və tematik sessiyalar təşkil olunub. Proqramda “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri”, “Sənayeləşmənin tədrisi: Dövri tikinti sənayesi naminə universitet–sənaye əməkdaşlığı”, “Gələcəyin çevik məkanları: İnteryer və eksteryerin dəyişən həyat tərzinə uyğunlaşması” və “Yenidənqurmadan dayanıqlı inkişafa: Qarabağın dirçəlişində təhsilin rolu” mövzuları yer alıb. Gənclərin Qarabağın inkişafı və dirçəlişi prosesinə cəlb olunması, onların bilik və bacarıqlarından səmərəli istifadə edilməsi bu gün diqqət mərkəzində olub.
İkinci günün əsas tədbirlərindən biri olan “Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirə “Rebuild Garabagh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil edilib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “ASAN Radio və TV”nin direktoru Emin Musavi, Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnologiya jurnalisti Fərid Pərdəşünas çıxış ediblər.
Paneldə rəqəmsal medianın imkanları və Qarabağla bağlı məlumatların yayılmasına, ictimai rəyə və informasiya mühitinə təsiri mövzusu müzakirəyə çıxarılıb.
ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekan müavini Leyla Həsənovanın moderatorluğu ilə keçirilən “Sənayeləşmənin tədrisi: Dövri tikinti sənayesi naminə universitet-sənaye əməkdaşlığı” mövzusunda panel müzakirədə isə Milan Politexnik Universiteti və ADA Universitetinin professorları - Cianluka Poççi və Davide Çerati, “Design Bureau” MMC-nin baş direktoru, memar Fizuli Əliyev, “Glasstech” LTD-nin təsisçisi və baş meneceri Elşən Süleymanov iştirak ediblər. Müzakirənin əsas istiqaməti universitetlərlə sənaye arasında əməkdaşlıq və tikinti sahəsində dövri iqtisadiyyat yanaşmalarının tətbiqi olub.
Digər sessiya “Gələcəyin çevik məkanları: İnteryer və eksteryerin dəyişən həyat tərzinə uyğunlaşması” mövzusuna həsr olunub. "ALIYA Architecture and Interior Design" studiyasının memar və interyer dizayneri Aliya Rüstəmovanın moderatorluğu ilə keçirilən sessiyada interyer dizayner, fərdi sahibkar Telli İsmayilova, "ME ARCHITECTURE DESIGN STUDIO" MMC-nin memar və direktoru Emil İsmayılzadə iştirak ediblər. Sessiyada məkanların dəyişən ehtiyaclara uyğunlaşdırılması, memarlıq və dizayn həlləri kimi mövzular diqqət mərkəzində olub.
Günün proqramında “Yenidənqurmadan dayanıqlı inkişafa: Qarabağın dirçəlişində təhsilin rolu” mövzusunda müzakirə də yer alıb. Həmin tədbirdə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova iştirak ediblər. Mövzu Qarabağın inkişafında təhsilin, iqtisadi fəaliyyətin və müxtəlif dəstək mexanizmlərinin rolunun müzakirəsi üçün zəmin yaradıb.
Otuzillik tarixə malik Xəzər İnşaat Həftəsi artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünəməxsus yer tutur. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu baxımdan platforma dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları yaradır.
Xəzər İnşaat Həftəsi çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu sərgisi, eləcə də “Plastex Caspian” - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer sənayesi sərgisi keçirilir.
İnşaat Həftəsi ilə eyni tarixlərdə “Road & Traffic” - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunur. Həmin sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sahələrinin mütəxəssislərini bir araya gətirir.
Xəzər İnşaat Həftəsində iştirakını 200-dən çox şirkət təsdiqləyib. Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər də sərgilərdə təmsil olunur. İtaliya, Özbəkistan və Rusiya milli pavilyonlarla iştirak edir. İtaliya bu il sərgidə təmsilçiliyini genişləndirərək 2 pavilyonla çıxış edir. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiyadır.
Müxtəlif sənaye sahələrini əhatə edən sərgilərin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurmaq, yeni texnologiyalarla tanış olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək şəraiti yaradır.
Beləliklə, Xəzər İnşaat Həftəsi beynəlxalq təcrübə mübadiləsi, yeni texnologiyaların təqdimatı və müxtəlif sahələr üzrə işgüzar əlaqələrin inkişafı üçün mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, Xəzər İnşaat Həftəsi oktyabrın 16-dək davam edəcək.