Azərbaycan Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxun himayəsi ilə keçirilən Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub. “Təmsilçilikdən qərar qəbuletmə prosesində təsir imkanlarına doğru” mövzusuna həsr olunan forumda 32 ölkədən, eləcə də 9 parlament şəbəkəsi və beynəlxalq təşkilatdan nümayəndələr olmaqla, ümumilikdə 150-yə yaxın parlamentari bir araya gəlib.
Ümumdünya Qadın Parlamentarilər Forumunda ölkəmizi Milli Məclisin deputatı Pərvanə Vəliyeva təmsil edib. O, “Gender bərabərliyinin təmin edilməsində hüquqi mühit, dəyişikliklər və islahatlar” mövzusunda panel sessiyasında, həmçinin forumun ikinci günündə keçirilən “Qadınların bütün sahələrdə təsir imkanlarının artırılmasında vətəndaşların, vətəndaş cəmiyyətinin və özəl sektorun rolu” mövzusunda panel sessiyasında təqdimatla çıxış edib. Çıxışı zamanı deputat Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin qadınların hüquqlarının müdafiəsi və imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıb. Eyni zamanda, qadın sahibkarlığının dəstəklənməsi və qadınların iqtisadi fəaliyyətinə dəstək məqsədilə həyata keçirilən mühüm islahatları diqqətə çatdırıb.
Səfər çərçivəsində deputat Monqolustan–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Songobai Zamira və monqolustanlı həmkarları ilə görüşüb.
Ümumilikdə forum qadınların iqtisadi, sosial, ictimai və siyasi həyatda iştirakının uzunmüddətli perspektivdə artırılması, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.
Müzakirələr zamanı qadınların yalnız ənənəvi sahələrdə deyil, süni intellekt, rəqəmsal transformasiya və hibrid təhdidlərə qarşı mübarizə kimi yeni və strateji istiqamətlərdə də rolunun artırılmasının vacibliyi vurğulanıb.