Azərbaycanın dahi şairi Nəsiminin həyat və yaradıcılığınahəsr olunmuş Beynəlxalq Simpozium keçirilib.

 

Oktyabrın 19-da Ankarada Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına, fəlsəfi düşüncələrinə və ədəbi irsinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Mədəniyyətini Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.

Azərbaycan və Türkiyədən ədəbiyyatşünas-alimlərin, Nəsimi irsinin tədqiqatçılarının və diplomatların iştirak etdiyi simpoziumda İmadəddin Nəsiminin yaradıcılığından, dini-fəlsəfi görüşlərindən bəhs edilib.

Türk Mədəniyyətini Araşdırma İnstitutunun rəhbəri professor Ahmet Bican Ercilasun İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatının və bütövlükdə Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının və 2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb. Səfir bildirib ki, ömrü Şamaxıdan başlayıb Hələbdə sona çatan İmadəddin Nəsiminin əsərləri bütün dünyanı dolaşıb və bu gün də bizimlədir. “Məhəbbət və gözəllik nümunəsi olan Nəsimi poeziyası oxuculara müdriklik aşılamaqla, onları mənən yüksəldir”.

Diplomat qeyd edib ki, Nəsimi irsi insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm edir, Azərbaycan dilində poeziyanın yeni məzmun və ifadə imkanları ilə zənginləşməsində müstəsna xidmət göstərir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında xalqımızın klassik ədəbi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycanın və bütövlükdə Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin zəngin yaradıcılığının, fəlsəfi görüşlərinin və bəşəri ideyalarının müasir dövrdə də öz aktuallığını qoruduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi İmadəddin Nəsimi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai kimi parlaq şəxsiyyətlər, qüdrətli söz ustadları və mütəfəkkirlər yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə bəşər mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. S.Abbasov bu böyük şəxsiyyətlərin irsinin tanıdılması, onların fikir və ideyalarının gələcək nəsillərə çatdırılmasının önəmindən danışıb.

Alimlər İsmet Çetin, İbrahim Maraş, Səadət Şıxıyeva və Qüdsiyə Məmmədova çıxışlarında Nəsiminin yaradıcılığı, onun Türk düşüncəsindəki yeri, əsərləri barədə danışaraq, şairin yaradıcılığının ədəbi dilin inkişafına təsirindən bəhs ediblər.

Qeyd olunub ki, Nəsimi irsinin beynəlxalq miqyasda təqdim olunmasının mühüm mərhələsi ötən əsrin 70-ci illərinə təsadüf edir. Şairin 600 illik yubileyi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə geniş miqyasda keçirilib, UNESCO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub. Sonrakı dövrdə onun əsərləri daha geniş tədqiq edilib, ədəbiyyat və incəsənətdə obrazı yaradılıb, 1979-cu ildə isə Bakıda abidəsi ucaldılıb.

Tədbirdə İmadəddin Nəsiminin qəzəlləri səsləndirilib. Təqdim olunan musiqi və şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.