Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunan “Müstəqilliyin bərpasının 35-ci ilində” adlı Beynəlxalq Azərbaycan Konqresinin açılış mərasimi keçirilib.
Konqres Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Qarabağ Universiteti, Anadolu və İbn Haldun universitetləri, Anadolu Universitetinin nəzdindəki Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Eskişehir Azərbaycanlılar Dərnəyi, Beynəlxalq Münasibətlər, Sosial və Strateji Araşdırmalar Mərkəzi (KUT) və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə keçirilib.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə və Azərbaycan ilə Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin strateji roluna diqqət çəkib. O, konqresin iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Konqres çərçivəsində keçirilən panel iclasında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan və Türkiyə diasporlarının sıx əməkdaşlıq etdiyi, erməni lobbisinin dezinformasiya kampaniyalarına qarşı birgə mübarizə apardığı qeyd edilib. O, milli-mədəni dəyərlərin qorunması və təbliği məqsədilə dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun inkişafından və müasir hərbi texnologiyaların tətbiqindən danışıb.
Digər çıxışlarda da Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyəti, Qarabağ Zəfərinin tarixi rolu və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı vurğulanıb.