20 Oktyabr - Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində mədəni-kütləvi tədbirlərlə qeyd edilib.

 

Şəhər Günü çərçivəsində Zəngilan Konqres Mərkəzində Zəngilan Plov Festivalının açılışı olub. Qonaqlar peşəkar aşpazların hazırladığı bölgəyə məxsus ənənəvi plov çeşidlərinin dadına baxıblar. Festivalda qurama və həsir toxuma sənəti üzrə təqdimatlar da təşkil edilib.

Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilanın tarixini, təbiətini və bu gününü əks etdirən “Zəngilan – zamanın qanadlarında” adlı fotosərgi nümayiş olunub.

Tədbirin ən kiçik iştirakçıları üçün də rəngarəng proqram hazırlanıb. Uşaqlar üçün face-art, rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunub, rəssamlıq üzrə ustad dərsləri keçirilib. XX Uşaq Teatrının təqdimatında balaca sakinlərə tamaşa göstərilib.

Daha sonra Zəngilan Konqres Mərkəzinin səhnəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bayram konserti təqdim ediblər. Vətənpərvərlik, birlik və qəhrəmanlığı tərənnüm edən əsərlər əsasında hazırlanan proqramda xalq mahnıları və bəstəkarlarımızın əsərləri səsləndirilib, milli rəqslər ifa olunub.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Zəngilan və ətraf rayonların sakinləri iştirak ediblər.

Şəhər Günü tədbirləri musiqi nömrələrinin müşayiəti və atəşfəşanlıqla başa çatıb.

Tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.