Perunun “larazon.pe” portalında “Qarabağ xalçası: Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin və Azərbaycan–Peru dostluğunun rəmzi” adlı məqalə dərc olunub.

 

Məqalədə Qarabağ xalçaçılıq ənənəsinin səciyyəvi xüsusiyyətləri və “Əjdahalı” motivinin simvolik mənası diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, bu xalça bitki ornamentləri ilə həndəsi formaların ahəngdar vəhdətini əks etdirən nadir sənət əsəridir.

Məqalədə bildirilir ki, Azərbaycan xalçaçılığına dair konfransdan sonra Qarabağ xalçasının təqdimat mərasimi keçirilib və onun sertifikatı təqdim olunub. Mərasimdə Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev və Lima Böyükşəhər Bələdiyyəsinin vitse-meri Fabiola Mariya Morales Kastillo iştirak ediblər.

Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və xalçaçılıq sənətinə həsr olunmuş “Azərbaycan xalçaları” adlı nəşr Lima Böyükşəhər Bələdiyyəsinə hədiyyə edilib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın turizm potensialına dair videolar nümayiş etdirilib, azərbaycanlı bəstəkarların əsərləri səsləndirilib və milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub.

Mərasimdə Perunun yüksəkvəzifəli rəsmiləri, bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, Limanın iri rayonlarının bələdiyyə rəhbərləri, akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, siyasi, ictimai, mədəniyyət və akademik dairələrin üzvləri, Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, media mənsubları, eləcə də Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Vurğulanıb ki, Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək Qarabağ xalçası ziyarətçilərə Azərbaycanın zəngin xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkanı yaradacaq. Eyni zamanda, bu nadir sənət əsəri Azərbaycan ilə Peru arasında dostluğun və mədəni əməkdaşlığın rəmzi olacaq.