İtaliyada istehsal və xidmət sektorunda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən İtaliya Sənaye Konfederasiyasının təşkilatçılığı ilə “İtaliya–Azərbaycan: İqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliya Sənaye Konfederasiyasının prezidentinin enerji məsələləri üzrə nümayəndəsi Aurelio Regina, digər rəsmi şəxslər və hər iki ölkənin biznes nümayəndələri iştirak ediblər.

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani tədbirdə çıxış edərək İtaliya–Azərbaycan strateji tərəfdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib, işgüzar dairələr arasında tərəfdaşlığın və birgə layihələrin təşviqinin əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişafına möhkəm zəmin yaratdığını vurğulayıb. Azərbaycanın əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və sənaye parklarında investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-logistika infrastrukturu barədə məlumat verilib. Ölkəmizin regional bazarlarla bağlantılarının istehsal, emal və logistika layihələri üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın yüksəldilməsi və qeyri-neft-qaz ixracının artırılması Azərbaycanın inkişaf prioritetlərindəndir. Bu istiqamətlərdə İtaliyanın sənaye texnologiyaları, avadanlıq və mühəndislik təcrübəsindən istifadə, eləcə də qarşılıqlı investisiyalar üçün geniş imkanlar mövcuddur.

Süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, məlumat mərkəzləri və yüksək performanslı hesablama infrastrukturu üzrə əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb. Ələt Azad İqtisadi Zonasında planlaşdırılan məlumat mərkəzi layihəsi, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) texnologiya və bilik mübadiləsi, bacarıqların inkişafı və birgə pilot layihələr üzrə tərəfdaşlıq imkanları barədə məlumat verilib.

Kritik xammal, mədənçilik və metallurgiya sahələrində Azərbaycanın resurs potensialının İtaliyanın texnoloji imkanları ilə birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. “AzerGold”, alüminium və polad sənayesi müəssisələri ilə avadanlıq təchizatı, emal, təkrar emal və istehsalın modernləşdirilməsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu ilə İtaliyanın İxrac Kreditlərinin Sığortalanması və Zəmanət Mexanizmləri Agentliyi (SACE) arasında əməkdaşlıq əsasında İtaliya avadanlıqları və texnologiyalarının cəlbi ilə bağlı layihələrin maliyyələşdirilməsi imkanlarından bəhs edilib. Azərbaycan İnvestisiya Holdinqi ilə İtaliyanın Milli İnkişaf və İnvestisiya Maliyyə İnstitutu (Cassa Depositi e Prestiti) arasında sənaye və infrastruktur sahələrində potensial investisiya tərəfdaşlığının əhəmiyyəti qeyd edilib.

İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycan və İtaliya arasında biznes tərəfdaşlığının inkişafını, iki ölkəni təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi imkanlarını vurğulayıb. İşgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsinin, sənaye və investisiya sahələrində birgə təşəbbüslərin təşviqinin əhəmiyyətini qeyd edib, yeni əməkdaşlıq istiqamətləri üzrə mövcud potensialın dəyərləndirilməsinin qarşılıqlı faydalı tərəfdaşlığa töhfə verəcəyini bildirib.

Tədbirdə Azərbaycan şirkətləri italiyan tərəfdaşlarlara birgə icra edilə biləcək layihələri və əməkdaşlıq istiqamətlərini təqdim ediblər. Biznes nümayəndələri arasında B2B görüşlər təşkil olunub.

Sonda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Şirkətlər və “Made in Italy” Nazirliyi arasında kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb.

Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə və şaxələndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib.

Birgə Bəyannamə sənaye və texnoloji inkişaf, investisiya və biznes tərəfdaşlıqları, regional təchizat zəncirləri və logistika, eləcə də müvafiq siyasətlər üzrə dialoq və institusional əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu əməkdaşlıq emal imkanlarının genişləndirilməsinə, resurslardan səmərəli istifadəyə, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına töhfə verməyi hədəfləyir.