Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva VI “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

 

Müsabiqənin İşçi Qrupundan bildirilib ki, görüşün əsas məqsədi müsabiqə qaliblərinin gələcək inkişaf perspektivlərinin müzakirəsi, onların peşəkar potensialının gücləndirilməsi, eləcə də ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak imkanlarına dair fikir mübadiləsinin aparılması olub.

Fərəh Əliyeva görüş zamanı VI “Yüksəliş” müsabiqəsinin qaliblərini əldə etdikləri uğur münasibətilə təbrik edərək onlara gələcək peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan kapitalının inkişafına, yüksək intellektual potensiala və müasir idarəetmə bacarıqlarına malik kadrların yetişdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Görüşdə qaliblərin əldə etdikləri uğurun yalnız fərdi peşəkar nailiyyət deyil, eyni zamanda, onların gələcək fəaliyyətində daha böyük məsuliyyət və yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Qaliblərin bilik, bacarıq və idarəetmə potensialından səmərəli istifadə etməklə ölkənin inkişafına töhfə verməsinin, müxtəlif sahələrdə müasir idarəetmə yanaşmalarının tətbiqində fəal rol oynamasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qaliblərin təklifləri dinlənilib, onların gələcək fəaliyyət istiqamətləri və peşəkar inkişaf imkanları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və peşəkar əlaqələrin davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.