Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında ilk qastrol səfəri reallaşıb.
Naxçıvan Dövlət Milli Dram Teatrından bildirilib ki, qastrol çərçivəsində Naxçıvan teatrının kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə sənətsevərlərə və qonaqlara ilk olaraq Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinin dahi ədibin zəngin irsini, həyat və yaradıcılığını əks etdirən virtual sərgisi təqdim olunub. Virtual sərgidən sonra Naxçıvan teatrı paytaxt tamaşaçılarına Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.
Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Naxçıvan teatrının zəngin ənənələrə malik köklü bir sənət məbədi olduğunu vurğulayıb. O, teatrın keçdiyi şərəfli inkişaf yolundan və milli teatr sənətindəki müstəsna mövqeyindən söz açıb, eyni zamanda, müasir tələblərə cavab verən səhnə əsərlərinin təqdim olunmasını təqdirəlayiq hal kimi qiymətləndirərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tamaşaçılara təqdim olunan səhnə işinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanaraq təqdim edilib. Səhnə əsərində Xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış ediblər.
Təntənəli gecənin yekununda hər iki teatrın rəhbərliyi bir-birinə qarşılıqlı uğurlar arzulayaraq bu əməkdaşlığın gələcək birgə layihələr üçün möhkəm təməl olduğunu bildiriblər. Sənət ocaqları arasında dostluq və həmrəylik rəmzi olaraq xatirə hədiyyələri təqdim olunub.