Norveçin Stavanger və Oslo şəhərlərində 8 Noyabr – Zəfər Gününə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) yaranmasının 20 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramları təşkil edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə müxtəlif siyasi partiyaların nümayəndələri, türk və çeçen icmalarının üzvləri, eləcə də Fransa, İsveçrə və Latviyadan gələn Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu və bu əlamətdar günün xaricdə qeyd edilməsinin milli yaddaşın qorunmasına xidmət etdiyini bildirib. S.Bayramov, həmçinin NAYO-nun ötən 20 il ərzində Norveçdə Azərbaycan diasporunun formalaşması və inkişafı istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
“Bu cür tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyətinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsi baxımından mühüm rol oynayır”, – deyə S.Bayramov qeyd edib.
Daha sonra Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Qələbəni xalqımıza bəxş edən şəhidlərin xatirəsini ehtiramla anıb.
“Zəfər Günü Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar günün xarici ölkələrdə qeyd edilməsi Vətənə bağlılığın, milli yaddaşın və həmrəyliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə R.Əliyev bildirib.
NAYO-nun 20 illik yubileyindən söz açan R.Əliyev qeyd edib ki, ötən 20 il ərzində təşkilat azərbaycanlı gənclərin bir araya gəlməsi, ana dilinin, milli-mənəvi dəyərlərin və mədəni irsin qorunması, eləcə də Azərbaycanın Norveçdə tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib.
Oslo şəhərinin meri Anne Lindboe tədbir iştirakçılarına videomüraciət ünvanlayaraq NAYO-nun 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Konsert proqramlarında Azərbaycanın “Eurovision 2024” mahnı müsabiqəsindəki təmsilçisi İlkin Dövlətov, V “Muğam” televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbat Sədrayeva, Əməkdar mədəniyyət işçisi, tarzən Elçin Abbasov, Əməkdar artist, kamança ifaçısı Xəyyam Məmmədov, nağara ifaçısı Cəfər Həsənov, etnocaz ifaçısı Tural Raphael və “Ritm” rəqs qrupu çıxış ediblər.
İfaçıların təqdim etdikləri muğam, xalq və müasir musiqi nümunələri, milli musiqi alətlərimizin özünəməxsus səslənişi və rəqs nömrələri tədbirlərə xüsusi bayram ovqatı bəxş edib.