Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycanın Zəfər tarixi bir xalqın öz taleyinə sahib çıxmasının, milli iradəsinin, birliyinin və sarsılmaz dövlətçilik əzminin tarixidir: “Bu tarix illərlə qəlbimizdə yaşatdığımız bir arzunun, Vətən torpaqlarına qayıdışın, ədalətin bərpasının və milli qürurumuzun təntənəsidir. Bu möhtəşəm Zəfər millətimizin yaddaşına yalnız hərbi Qələbə kimi deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpası, dövlətimizin qüdrətinin, əsrlər boyu öz milli kimliyini qoruyub saxlayan xalqımızın sarsılmaz iradəsinin təcəssümü və yenilməz ruhunun təntənəsi kimi əbədi həkk olunub. Lakin biz bu gün Zəfərdən danışarkən onun ən ağır bədəlini də unutmamalıyıq. Hər bir Zəfərin arxasında bir qəhrəmanlıq, hər bir qəhrəmanlığın arxasında isə bir insan taleyi dayanır. Şəhidlərimizin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri igidliklə ölçülmür. Onların hər biri gələcək nəsillərə Vətənə sədaqət, torpağa bağlılıq və milli ləyaqət nümunəsidir”.

YAP Sədrinin müavini vurğulayıb ki, azad olunmuş torpaqlarımızda ucalan üçrəngli bayrağımız şəhid və qazilərimizin fədakarlığının rəmzidir, xalqımız və dövlətimiz onların xatirəsini daim uca tutur. O bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu həssas təbəqəyə humanizm və mərhəmətə əsaslanan dəstəyi isə cəmiyyətdə mənəvi həmrəyliyi möhkəmləndirir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın Şuşanın azadlıq müjdəsini məhz Şəhidlər xiyabanından xalqa çatdırması Vətən fədailərinin ruhuna göstərilən ən ali ehtiram nümunəsidir.

Tahir Budaqov bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyevin müdrik dövlətçilik strategiyası, ordu quruculuğu və sarsılmaz milli birliklə qoyulan möhtəşəm Zəfər illərlə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. O vurğulayıb ki, Ulu Öndərin siyasi xəttinə və ata vəsiyyətinə sadiq qalan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi bərpa olunaraq Heydər Əliyev ideyalarının təntənəsi təmin edilib.

Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq, hazırda əsas vəzifə Zəfərin yeni mərhələsi sayılan Böyük Qayıdış prosesini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını uğurla həyata keçirməkdir. O vurğulayıb ki, tarixi qələbənin əsasını təşkil edən milli həmrəylik və sarsılmaz birlik bundan sonra da dövlətimizin inkişafının, sülhün və dayanıqlı sabitliyin başlıca təminatçısı olaraq qalacaq. YAP Sədrinin müavini ərazi bütövlüyü və tam suverenliyin bərpası ilə yaranmış yeni reallıqlar fonunda dövlət müstəqilliyinin gücləndirilməsi və davamlı tərəqqinin təmin olunmasında partiyanın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev çıxışında bildirib ki, Zəfər tariximizin hər bir səhifəsi düşünülmüş siyasətin, hərbi peşəkarlığın, qətiyyətli qərarların və xalq-ordu birliyinin təntənəsidir. Onun sözlərinə görə, Azərbaycan tarixi Zəfəri ilə işğala son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı: “Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradənin və tarixi ədalətin təntənəsi kimi unudulmazdır. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VIII Qurultayında “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, 8 Noyabr bizim əbədi bayramımız olacaq” fikrini səsləndirməklə tarixi Qələbəmizin əhəmiyyətini bir daha vurğuladı. Prezident İlham Əliyev qürurla bildirdi ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etmək məcburiyyətindədirlər. Şanlı Qələbəmiz Azərbaycan xalqının Vətənə və torpağa sonsuz məhəbbətinin, birliyinin təcəssümüdür. Bu birlik bir daha göstərdi ki, Vətən sevgisi yalnız hiss deyil, zərurət yarandıqda fədakarlığa çevrilən mənəvi gücdür”.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, 8 Noyabr sadəcə hərbi Qələbənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür. “Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində xüsusi vurğulayıb ki, 8 Noyabr bizim əbədi bayramımız olacaq. Bu fikir Zəfər Gününün yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də milli yaddaşında əbədi yaşayacağını ifadə edir”, - deyə o bildirib.

Sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi İlham Əliyev qeyd edib ki, güclü və qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur: “Amma hamımız yaxşı bilirik ki, bu günlərə asan gəlib çatmamışıq. Bu qürurun arxasında böyük mübarizə, xalqımızın iradəsi, şəhidlərimizin qanı dayanır. Mən Vətən müharibəsi qazisi, Şuşanın azadlığı uğrunda döyüşmüş bir əsgər kimi bu Qələbənin necə böyük fədakarlıqlar hesabına qazanıldığını yaxşı bilirəm. Ona görə də Zəfər Günü yalnız bayram deyil, həm də böyük məsuliyyət və minnətdarlıq günüdür”.

Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nəcibə Axundova isə çıxışında qeyd edib ki, Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.