8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqa Latış Cəmiyyətinin binasında bayram konserti keçirilib.
Bu barədə Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Latviyada akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, yerli mədəni və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən səfir Nərminə Mustafayeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində misilsiz rəşadət göstərərək tarixi ədaləti bərpa etdiyini və döyüş meydanında yeni reallıqlar yaratdığını diqqətə çatdırıb.
Bildirilib ki, bu gün Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.
Səfir bildirib ki, Azərbaycan xalqı keçmişin ağrılarını unutmadan, gələcəyə inamla baxır və gələcək nəsillərin sülh, təhlükəsizlik və əmin amanlıq şəraitində yaşamasını arzulayır.
Tədbir konsert proqramı ilə davam edib. Gənc azərbaycanlı və latviyalı musiqiçilər – solist Mara Hüseynova, pianoçular Aytac Hacızadə və Otto Puhtayeviçs Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış ediblər.
Daha sonra səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.