Türkiyənin Qars şəhərində 8 Noyabr – Zəfər Günü və Türkiyənin Respublika Günü münasibətilə voleybol üzrə Zəfər Turniri keçirilib.

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Qars Bələdiyyəsi və Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Klubunun birgə təşkilatçılığı ilə baş tutan oyunlar üç gün (4–6 noyabr) davam edib.

Qafqaz Universitetinin müxtəlif fakültələrinin tələbələrindən ibarət 8 komandanın iştirak etdiyi turnirin yekununda İdman Elmləri Fakültəsinin voleybolçuları qalib gəliblər. Baytarlıq Fakültəsinin komandası ikinci, İqtisadiyyat Fakültəsinin komandası isə üçüncü yerdə bərqərar olub.

Noyabrın 6-da baş tutan final və üçüncülük uğrunda qarşılaşmalardan sonra komandalara kubok, sertifikatlar təqdim edilib.

Mərasimdə baş konsul Qoşqar Zeynalov, diplomatik missiyamızın əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.