Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin ölkənin inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib. O, 2027-ci ilin dövlət büdcəsi layihəsinin ölkənin əldə etdiyi iqtisadi nailiyyətləri və qarşıdakı inkişaf prioritetlərini əks etdirdiyini vurğulayıb.
Sonra maliyyə naziri Sahil Babayev büdcə layihəsinin əsas göstəricilərini təqdim edib. Bildirilib ki, 2027-ci ildə ÜDM-in 141 milyard manat, ortaillik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat nəzərdə tutulur. İcmal büdcənin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat təşkil edəcək.
Qeyd olunub ki, büdcə layihəsində sosial rifahın yüksəldilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhsil və səhiyyənin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Sosialyönümlü xərclərin 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat, təhsil və elm xərclərinin 5,4 milyard manat, səhiyyə xərclərinin isə 2,1 milyard manat olacağı proqnozlaşdırılır.
İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında qeyri-neft-qaz sektorunun inkişafı, özəl investisiyaların artımı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda iqtisadi fəallığın yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O, müzakirəyə təqdim edilən büdcə layihəsinin ölkənin sosial-iqtisadi inkişafına və vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O, layihənin qanunvericiliyə uyğunluğu, gəlir və xərc proqnozlarının əsaslandırılması barədə məlumat verib, bəzi müddəaların təkmilləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2027-ci ildə sosial yönümlü siyasətin davam etdiriləcəyini, növbəti sosial islahat paketinin həyata keçirilməsi üçün büdcədə müvafiq maliyyə təminatının yaradıldığını bildirib. Nazir Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri, pensiyaların proqnozlaşdırılan orta məbləği, məşğulluq tədbirləri və səhiyyə xidmətlərinin maliyyələşdirilməsi barədə məlumat verib.
İclasda komitə sədrləri və deputatlar büdcə layihəsini müsbət qiymətləndirərək, onun ayrı-ayrı istiqamətləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qaldırılan məsələlərə maliyyə naziri Sahil Babayev və səhiyyə nazirinin müavini Rasim İsmayılov aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.