Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfərin 6-cı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində ağacəkmə kampaniyası keçirilib.

 

Bu şanlı gün münasibətilə İstanbulun Bağcılar rayonunda yerləşən “Azərbaycan Dostluq Parkı”nda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 yeni ting əkilib.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Qarabağ müharibəsinin tarixi, böyük Zəfərə gedən yol və bu Qələbə uğrunda Azərbaycan xalqı, dövləti və Ordusunun nümayiş etdirdiyi birlik barədə danışıblar. Çıxışlarda Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara toxunulub. Çıxışında 8 Noyabr tarixinin Azərbaycan xalqı üçün sadəcə hərbi qələbənin ildönümü deyil, milli iradənin, birlik və bərabərliyin rəmzi olduğunu vurğulayan Azərbaycanın İstanbuldakı baş konsulu Zamin Əliyev deyib: "44 gün davam edən döyüşlər nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, igidlərimiz parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdilər. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında baş tutan birgünlük antiterror tədbirləri dövlətimizin tarixinə qızıl hərflərlə yazıldı".

Baş konsul bildirib ki, hazırda Azərbaycanın ən böyük hədəflərindən biri Qarabağda yenidən canlanan həyatı dayanıqlı etmək və bölgəmizdə təsis edilən qalıcı sülhün təməlini gücləndirməkdir.

Sonra ağaclar torpağa əkilib.

Tədbirdə Türkiyənin və Azərbaycanın İstanbuldakı dövlət qurumlarının, eləcə də siyasi partiyaların və QHT-lərin rəhbərləri, bu qurumların nümayəndələri və digərləri iştirak ediblər.

Kampaniya Azərbaycanın İstanbuldakı baş konsulluğu, bu şəhərin Bağcılar Bələdiyyəsi və bələdiyyə sədri Yasin Yıldızın təşəbbüsü ilə reallaşıb.