“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi olub.
Tədbirdə AzTV-nin tanınmış aparıcıları, dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, 1926-cı il noyabrın 6-da səslənən “Danışır Bakı” ifadəsi Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutur. Onun sözlərinə görə, bir əsrlik tarix ərzində radio və televiziya xalqın səsinə çevrilərək milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində mühüm rol oynayıb.
Əməkdar artist, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan televiziya və radiosunun keçdiyi tarixi yola nəzər salıb. O, bu sahədə formalaşmış zəngin təcrübənin qorunmasının, nəsillər arasında peşəkar ənənələrin davam etdirilməsinin və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan televiziya və radio yayımının inkişaf mərhələlərindən, AzTV-nin milli media tarixindəki rolundan və bu sahənin formalaşmasına töhfə vermiş görkəmli şəxsiyyətlərin fəaliyyətindən bəhs ediblər.
Qeyd olunub ki, yubiley münasibətilə nəşr edilən ensiklopediya Azərbaycan televiziya və radio tarixinin sistemli şəkildə öyrənilməsi, zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrdə teleradio sahəsinin inkişaf mərhələləri, tanınmış simalar və milli yayım məkanının formalaşmasında xidmətləri olan şəxsiyyətlər haqqında məlumatlar yer alıb.