1949-cu il noyabrın 7-də Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırıb

 

Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neftin fontan vurduğu gündür. Düz 77 il əvvəl, 1949-cu ilin məhz noyabrın 7-si 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırıb. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başlayıb.

1950-ci ilin dekabrında neftçi Qurban kimi tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin qazdığı quyuların neft verməsi Neft Daşlarının şöhrətini daha da artırıb. Azərbaycanın dəniz neftçilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verib. Neft Daşlarında qazma və neftçıxarma istənilən hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin coşması dəniz neftçilərinin iradəsini qıra bilmirdi. Bu, sözün əsl mənasında, qəhrəmanlıq mücəssəməsi idi.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salınıb. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanılıb.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verib. SSRİ dönəmində bütün metallurgiya sənayesində, raket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft Daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkan hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açıb. Neft Daşları dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri də bu unikal həyata yeni nəfəs verib. Bu səfər Neft Daşlarının vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.