Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da indiyədək keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.
Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.
Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.