Azərbaycanın Bolqarıstandakı səfirliyi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sofiya şəhərində “Azərbaycan Xalçaları Həftəsi” çərçivəsində silsilə mədəni tədbirlər keçirilib.
Azərbaycanın zəngin xalçaçılıq irsinin, milli-mənəvi dəyərlərinin və müasir incəsənətdə qazandığı yeni ifadə imkanlarının Bolqarıstanda tanıdılmasına xidmət edən layihə çərçivəsində xalça sərgisinin açılışı, elmi-maarifləndirici mühazirələr, eləcə də Bolqarıstanın xalçaçılıq mərkəzlərindən biri olan Çiprovtsiyə səfər təşkil olunub.
Tədbirlər Azərbaycan xalqının milli birliyini, iradəsini və qürurunu təcəssüm etdirən Zəfər Gününə həsr olunmuş Bolqarıstandakı noyabr ayı tədbirləri çərçivəsində baş tutub.
Azərbaycanın Bolqarıstandakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Bolqarıstan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Milli Etnoqrafiya Muzeyində “İpək Yolunun mərkəzində yerləşən və Qafqazın mirvarisi olan Azərbaycan xalçaları: İrsin ilmələri” adlı sərginin açılış mərasimi keçirilib.
Mərasimdə Bolqarıstan Hökumətinin və Parlamentinin nümayəndələri, şəhər merləri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, sənətşünaslar, Sofiyada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin rəhbərləri, UNESCO-nun himayəsi altında Cənub-Şərqi Avropada Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Regional Mərkəzin direktoru, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov sərginin Azərbaycan xalçaçılıq sənətini və zəngin mədəni irsini Bolqarıstan ictimaiyyətinə təqdim etmək baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Zəfər Günü Azərbaycan xalqının birliyini, milli iradəsini və Vətənə bağlılığını ifadə edən mühüm tarixi hadisədir.
Elmar Məmmədov qeyd edib ki, Azərbaycan xalçaları xalqımızın çoxəsrlik tarixini, dünyagörüşünü, estetik düşüncəsini və milli yaddaşını özündə yaşadan unikal sənət nümunələridir. Onların Bolqarıstanda nümayişi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrinin Avropada daha geniş tanıdılmasına xidmət edir.
Səfir sərginin altı ay davam edəcəyini və 2027-ci ilin aprel ayının sonunadək ziyarətçilər üçün açıq olacağını diqqətə çatdırıb. O, sərginin gələn il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı bir dövrdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Səfir sərginin təşkilində iştirak edən bütün tərəfdaşlara, “Azərxalça” ASC-yə, eləcə də Bolqarıstan Milli Etnoqrafiya Muzeyinə beş Azərbaycan xalçasının hədiyyə edilməsinə göstərdikləri dəstəyə görə “Paşa Holdinq”, “Paşa Bank” və “Kapital Bank”a təşəkkürünü bildirib.
Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında Azərbaycan xalçaçılıq sənətinin Bolqarıstanda təqdim edilməsinin iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı və Azərbaycan irsinə beynəlxalq marağın artırılması baxımından əhəmiyyətini qeyd edib.
Emin Məmmədov sərgidə nümayiş olunan nümunələrin Azərbaycan xalçaçılığının zəngin bədii dilini, özünəməxsus ornament və kompozisiya xüsusiyyətlərini əks etdirdiyini bildirib. O vurğulayıb ki, xalça xalqın estetik düşüncəsini, tarixi yaddaşını və sənətkarlıq ənənələrini nəsildən-nəslə ötürən mühüm mədəni irs nümunəsidir.
Ekspozisiyada “Azərxalça” ASC tərəfindən istehsal olunan ənənəvi xalçalarla yanaşı, müasir Azərbaycan rəssam və dizaynerləri ilə əməkdaşlıq çərçivəsində yaradılmış kolleksiyalar da təqdim olunub.
Rüfət İsmayılın kolleksiyasına daxil olan “Pazırık”, “Ovçuluq”, “Naxçıvan”, “Açma-yumma” və “Qarabağ” xalçaları qədim motivləri müasir bədii yanaşma ilə yenidən şərh edir.
Rəşad Ələkbərovun “Qarabağ xalçaları: yeni baxış” kolleksiyası ənənəvi Qarabağ xalçaçılıq məktəbinə müasir interpretasiya gətirir. Məhdud sayda hazırlanmış 44 xalçadan ibarət kolleksiya Qasımuşağı xalçasının kompozisiyasından və Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanır.
Aydan Salahovanın “Yaddaşın memarlığı” adlı xalçası ənənəvi toxuculuq sənətini rəssamın fərdi bədii dili ilə birləşdirir. Əsərin mərkəzində yer alan pillə obrazı keçidi, yüksəlişi və keçmişlə gələcək arasındakı əlaqəni simvolizə edir.
Sərgidə, həmçinin Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasından seçilmiş nümunələr nümayiş olunur. Uşaqlıq xatirələrindən və Azərbaycan ənənələrindən ilhamlanan kolleksiyada nar, alma və limon motivləri müasir rəng palitrası və 3D toxuculuq texnikası ilə təqdim edilir. Yun və ipəkdən hazırlanan bu xalçalar “Azərxalça” ASC-nin bölgələrdə çalışan qadın toxucuları tərəfindən əl ilə toxunub.
Beləliklə, ekspozisiya Azərbaycan xalçaçılıq sənətinin tarixi köklərini, regional məktəblərinin zənginliyini və müasir incəsənətlə qarşılıqlı əlaqəsini vahid məkanda nümayiş etdirir.
“Azərbaycan Xalçaları Həftəsi” çərçivəsində Sofiya Universitetində və Milli Etnoqrafiya Muzeyində də silsilə mühazirələr təşkil olunub. Tədbirlər Sofiya Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Milli Etnoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Görkəmli xalçaçı-rəssam, xalçaşünas, pedaqoq və sənətşünas alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilən mühazirələr “İrsdən müasir incəsənətə” mövzusunu əhatə edib.
Mühazirələri “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov təqdim edib.
İştirakçılara “Azərxalça” ASC-nin fəaliyyəti, Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələri, müasir inkişaf istiqamətləri, ənənəvi sənətkarlıqla müasir dizayn və incəsənətin vəhdəti barədə ətraflı məlumat verilib.
Emin Məmmədov, həmçinin Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı barədə danışıb.
Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun anadan olmasının 120 ili tamam olur.
Lətif Kərimov Azərbaycan xalq tətbiqi sənətinin inkişafına, elmi tədqiqinə və beynəlxalq səviyyədə təbliğinə mühüm töhfələr verib, milli xalçaçılıq sənətinin sistemli şəkildə öyrənilməsi və inkişafında müstəsna rol oynayıb.
Mühazirələr Azərbaycan xalçaçılıq məktəbinin tarixi və bədii xüsusiyyətlərinin Bolqarıstanın akademik və tələbə auditoriyasına çatdırılması, eləcə də iki ölkənin təhsil və mədəniyyət sahələrində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edib.
Daha sonra “Azərbaycan Xalçaları Həftəsi” çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın qədim xalçaçılıq ənənələri ilə tanınan Çiprovtsi şəhərinə səfər edib.
Şəhərin meri tərəfindən qarşılanan nümayəndə heyəti Çiprovtsinin tarixi və mədəni məkanları, eləcə də Xalça Muzeyi ilə tanış olub. Səfər zamanı şəhərin zəngin xalçaçılıq ənənələri və bu sənətin yerli mədəni kimliyin qorunmasındakı rolu barədə məlumat verilib.
“Azərxalça” ASC-nin nümayəndələri ilə yerli xalça ustaları arasında görüş keçirilib.
Tərəflər arasında keçirilən müzakirələr və təcrübə mübadiləsi qarşılıqlı maraq doğurub, iki xalqın zəngin xalçaçılıq irsi arasında oxşar və fərqli cəhətlərin öyrənilməsi baxımından faydalı olub.
Sofiyada keçirilən “Azərbaycan Xalçaları Həftəsi” Azərbaycanın zəngin mədəni irsinin, milli sənətkarlıq ənənələrinin və müasir incəsənət potensialının Bolqarıstan ictimaiyyətinə kompleks şəkildə təqdim edilməsinə xidmət edib.
İpək Yolunun tarixi və mədəni irsini özündə birləşdirən Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu Şərq və Qərb arasında mədəni dialoqun mühüm vasitələrindən biri olub. Bu gün də Azərbaycan xalçaları milli kimliyin, tarixi yaddaşın və yaradıcı potensialın beynəlxalq səviyyədə tanıdılmasında xüsusi rol oynayır.