Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, Oyunların sonuncu günündə komandamızın son təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizəyə qoşulub. İdmançımız qrup mərhələsində keçirdiyi ilk görüşdə sinqapurlu Auv Eştona məğlub olsa da, sonrakı qarşılaşmalarda türkiyəli Candeniz Berrak, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Hayder Əl-Əsadi və qazaxıstanlı Aybar Kaıym üzərində qələbə qazanıb. Lakin növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan qılıncoynadanımız mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan komandası “Dakar-2026”nı 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.
Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kiloqram), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qazanıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kiloqram), taekvondoçu Adil Kazımlı (73 kiloqram) və boksçu Gülər Hüseynova (51 kiloqram) isə Oyunların gümüş medalına sahib çıxıblar.