Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XVIII əsrə aid, Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur.
Bu barədə muzeydən məlumat verilib. Qeyd olunub ki, muzeyin zəngin kolleksiyasında Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid çoxsaylı maddi-mədəni irs nümunələri qorunur. Bu nümunələr arasında Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə çalışan Nadir şahın hakimiyyəti dövrünə aid geyimlər də var. Onlardan biri Etnoqrafiya fondunun qiymətli eksponatlarından sayılan çəpkəndir.
XVIII əsrin əvvəllərində tikilmiş bu geyimin hazırlanmasında məxmər parçadan istifadə olunub. Peşəkar tikmə ustası parçanın üzərində müxtəlif rəngli ipək və güləbətin saplarla nəbati naxışlar işləyib.
Mütəxəssislərin fikrincə, uzunluğu 80 santimetr olan çəpkən kişi geyimi kimi istifadə edilib.