Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, böyük sənətkar və alim Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən bildirilib ki, tədbir çərçivəsində sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın müəllifi olduğu “Lətif Kərimov – 120” kitabının təqdimatı olub.
Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Münəvvər Hacıyeva, xalçaçı-rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədhüseyn Hüseynov və Xalq rəssamı Aydın Rəcəbov çıxış ediblər. Çıxışlarda Lətif Kərimovun çoxşaxəli yaradıcılığından, Azərbaycan xalça sənətinin inkişafındakı müstəsna xidmətlərindən, milli ornament və kompozisiya ənənələrinin qorunması və inkişaf etdirilməsindəki rolundan bəhs ediblər. Həmçinin sənətkarın zəngin yaradıcılıq irsinin araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Təqdimat zamanı müəllif Kübra Əliyeva kitabın ərsəyə gəlmə prosesi, nəşrin məzmunu və hazırlanması zamanı aparılan araşdırmalar barədə məlumat verib.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan Lətif Kərimovun müəllifi olduğu xalça nümunələri, kompozisiya və naxış eskizləri, eləcə də onun eskizləri əsasında hazırlanmış zərgərlik məmulatları ilə tanış olublar.
Görüş Lətif Kərimovun sənət irsinin müxtəlif aspektlərinin müzakirəsi, onun Azərbaycan mədəniyyətindəki mövqeyinin bir daha vurğulanması baxımından əhəmiyyət daşıyıb.