Brüsseldə Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib.

 

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti iştirak edib.

PARŞ-ın Baş Katibi Ester Linç gündəlikdə təşkilatın fəaliyyəti və qarşıdakı dövr üçün prioritetləri barədə məlumat verib.

Tədbirdə PARŞ-ın 2027-ci il üzrə Fəaliyyət Planı, Baş Assambleyasına hazırlıq, Qadınlar və Gənclər komitələrinin hesabatları və maliyyə məsələləri nəzərdən keçirilib. Həmçinin BHİK-in sosial dialoq üzrə sorğusunun nəticələri, 2027-ci il üzrə gündəliyi və növbəti Qurultaya hazırlığın gedişi müzakirə olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən əmək hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib. Konfederasiya sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, yeni çağırışlar fonunda ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinin, birgə yanaşmaların formalaşdırılmasının və qabaqcıl təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. Çıxışda beynəlxalq əmək standartlarının, o cümlədən BƏT-in konvensiyalarının tələblərinin milli qanunvericilikdə nəzərə alınmasının, qadınların və gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində, kollektiv danışıqlarda və qərarların qəbulunda fəallığının artırılmasının önəmi vurğulanıb.

İclasda gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Səfər çərçivəsində PARŞ-ın Baş katibi və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatları ilə görüşlər nəzərdə tutulub.