Noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.

 

35 il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər, o cümlədən Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak olublar.

Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Üstündən 35 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib.

Bu terror aktı ilə erməni separatçılarının terrorçu mahiyyəti bir daha sübut olundu. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin vaxtilə işğal altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.

2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa olunub. Artıq ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi də düşmən tapdağından azad edilib və Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb.