Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Ağdamın keçmişinə və bu gününə nəzər salaq.
Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu tarix və memarlıq abidələri var. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini və imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.
Ağdam rəqəmlərdə...
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Rayon uğrunda erməni işğalçılarına qarşı 5 ildən artıq gedən döyüşlərdə 5 min 897 nəfər şəhid olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövründə rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdam işğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə - Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.
Tarixən Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və digər sosial, mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Ağdam rayonunun ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
“Qafqazın Xirosiması” həyata qayıdır
Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 27 ildən artıq dövrdə rayon ərazisində daş üstündə daş qalmayıb. Bir vaxtlar gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Qarabağın baş qapısı sayılan Ağdam ölü şəhəri xatırladırdı. Təsadüfi deyil ki, bir sıra mətbuat səhifələrində onu obrazlı olaraq “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırmışdılar.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumuna qarşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. Onların misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində düşmən işğalı altında olan torpaqlarımız azad edilərək əzəli və əbədi sahibinə qaytarıldı. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Altı il əvvəl noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın Üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfər zamanı səsləndirdiyi fikirlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.
Qarabağın dirçəlişinin simvolu: Ağdam
Ötən altı ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə rayonda aparılan işlərlə tanış olmaq üçün Ağdama səfər ediblər. Dövlətimizin başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bu günədək Prezident İlham Əliyev tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları reallaşdırılıb. Bundan əlavə Ağdam İmarət Kompleksi, “Aghdam City Hotel”i və “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib.
Regionun mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm işlər görülüb, tarix və mədəniyyət, habelə dini abidələr bərpa edilib. Həyata keçirilən layihələr nəticəsində Ağdam Cümə məscidi bərpa olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov məscidin bərpadan sonra açılışında iştirak ediblər. Ağdamın Qiyaslı kəndindəki tarixi məscid də bərpa edilib. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi də inşa edilərək istifadəyə verilib.
Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və buraya geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin artıq birinci mərhələsinin açılışı edilib. Dövlətimizin başçısı Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərinin açarlarını təqdim edib. Bundan əlavə, Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının binalarının açılışı olub. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilib.
Prezident İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
Qarabağda və Şərqi Zəngəzurda müasir standartlara uyğun yaşayış məntəqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Ağdam şəhərində 2-ci yaşayış kompleksi istifadəyə verilib. Bununla əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini 2026-cı ilin iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Prezident İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin və “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı həmin gün Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə də tanış olub.
Ağdamın ağ damları
2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir. Xıdırlı, Sarıcalı, Kəngərli kəndləri öz sakinlərini qoynuna alıb. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb.
Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Məşğulluq tədbirləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 2642 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 2516 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 170 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),126 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.