Azərbaycan Milli Konservatoriyasında “Miras” layihəsi çərçivəsində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu adına xatirə otağının açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan Milli Konservatoriyasından məlumat verilib.
Bildirilib ki, mərasimdə mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, musiqi və incəsənət üzrə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, Qaryağdılar nəslinin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, konservatoriyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Açılış mərasimində “Miras” layihəsinin ideya müəllifi, rektor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən danışıb, xatirə otağının yaradılmasında əməyi olanlara, xüsusilə arxiv fotoşəkillərinin toplanması, bərpası və tərtibatında yaxından iştirak edən Azərbaycan xanəndəlik irsinin tədqiqatçısı Turan İbrahimova göstərdiyi dəyərli dəstəyə görə dərin təşəkkürünü bildirib.
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov çıxışında Cabbar Qaryağdıoğlunun Azərbaycan xanəndəlik sənətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Daha sonra Qaryağdılar nəslinin nümayəndəsi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Akif Qaryağdı çıxış edərək xatirə otağının yaradılmasından təsirləndiyini bildirib, bunu Cabbar Qaryağdıoğlunun sənətinə və xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsi kimi dəyərləndirib. Göstərilən diqqətə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə dərin minnətdarlığını bildirən Akif Qaryağdı sənətkarın səs yazısının əks olunduğu qrammofon valını xatirə otağına hədiyyə edib.
“Miras” layihəsi çərçivəsində Bülbül və Xan Şuşinski adına xatirə otaqlarının yaradılması ilə formalaşmış ənənə Cabbar Qaryağdıoğlu adına xatirə otağının açılması ilə davam etdirilir.
Bu təşəbbüs milli musiqi irsinin qorunub təbliğ olunması, eləcə də konservatoriya tələbələrinin görkəmli sənətkarlarımızın yaradıcılığını dərindən öyrənməsi baxımından mühüm pedaqoji əhəmiyyət daşıyır.
Sonra tədbir konsert proqramı ilə davam edib.