Paytaxt Bakının yollarında yük avtomobillərin hərəkətinə saat 20:30-dan 7:30-a qədər icazə verilsə də, qaydaları pozanların sayı heç də az deyil. Bu səbəbdən paytaxtda tıxaclar yaranır.

Tıxaclarla yanaşı, iritonnajlı avtomobillərə həddindən çox yükün vurulması asfalt örtüyünün dağılması ilə nəticələnir, yenicə asfaltlanmış yolları sıradan çıxarır. Çünki asfalt örtüyü salınanda müəyyən yükə uyğun istismar olunması nəzərdə tutulur. Hər bir avtomobilin yükü maksimum 20 ton hesablanır və yol buna uyğun çəkilir. Ancaq sürücülər daha çox yüklə hərəkət edirlər. Bu səbəbdən də yol təsərrüfatına dəyə biləcək ziyanı minimuma endirmək üçün reydlər keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmsil etdiyi qurumla Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları ilə birgə yollarda mütəmmadi olaraq reydlər keçirilir. Əgər yük maşınlarında yükün normadan artıq olması şübhəsi yaranırsa, o zaman həmin maşın saxlanılır və tərəzi nəzarət məntəqəsinə yönləndilir. Yükün şəkisi çoxdursa, tələb olunan çəkiyə uyğunlaşdırılana qədər yük boşaldılır.

BDYPİ-dən bildirilib ki, xüsusi təyinatlı, strateji və dövlət obyektlərinə xidmət göstərən müəssisə və təşkilatlara aid yük maşınlarının hərəkəti istisnadır. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev deyib ki, Nazirlər Kabinetinin tapşırığı əsasında həmin maşınlara xüsusi buraxılış verilir: “Buraxılış əsasında da həmin avtomobillər şəhərin müəyyən yerlərinə gedə bilirlər. Buraxılışlarda onların marşurutları var ki, həmin marşurutlar əsasında yük maşınları hərəkət edirlər”.

Məsələ burasındadır ki, icazəsi olan yük avtomobillərinin fonunda digər iritonnajlı maşınlar da şəhərə daxil olurlar. Bu kimi hallar, həm yol təsərrüfatının qorunması, həm də tıxacların olmaması üçün şəhərin giriş–çıxışlarında mütəmmadi reydlərin keçirilməsini zəruri edir. Qaydalara əməl etməyib yük avtomobili ilə şəhərə daxil olanlar İnzibati Xətalar Məcəlləsinə görə 40 manat məbləğində cərimə olunurlar.

Samir Namiqoğlu, Qəhrəman Məmmədov