İrəvan xanları nəslinin nümayəndəsi Gəncədə

İrəvan xanları nəslinin nümayəndəsi Gəncədə

21 Avqust, 21:05 Sosial mediada paylaşın:

Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncəyə səfər edib. Hazırda Almaniyada yaşayan, ixtisasca isə mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edib. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilib. Xan sarayının Güzgülü salonu və Xan bağındakı Yay köşkünü 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan inşa etdirib.
Əmir Əli Sərdari İrəvani bildirib ki, Azərbaycana gəlməyi çox istəyirdim. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə Bakıya gəlmək qismət oldu. Birinci vitse-prezident Mehriban Əliyevayanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgidə oldum. Sərgidə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyalarından, rəsm əsərlərindən ibarət kolleksiya da nümayiş olunur. Bakıdan əlavə Şəkini və Gəncəni də görməyi çox istəyirdim. Şəki xan sarayı ilə Sərdar xan sarayının oxşarlığını gördüm və çox məmnun oldum.

Gəncə şəhərinin tarixi abidələri, Qala qapıları Arxeologiya və Etnoqrafiya muzeyi ilə tanış olan qonaq dahi Nizami Gəncəvinin və qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavad xanın məqbərələrini ziyarət edib.
Qonağı müşayiət edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin tarixi, mədəniyyəti ilə bağlı ətraflı məlumat verib.
Səmimi söhbət zamanı İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd edən Əmir Əli Sərdari İrəvani Hüseynəli xan nəslinin şəcərəsi, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat verib, nəsillər arasında əlaqələrin vacibliyini vurğulayıb.
Qeyd edək ki, XVIII əsrin ortalarında meydana gəlmiş İrəvan şəhərinin yarandığı ərazi qədim türk-oğuz yurdudur. İrəvan şəhəri Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub.

CANLI YAYIM