Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan "Vətənə bağlı" sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən bu barədə verilən məlumata görə, tədbirdə BBMM-nin icraçı direktoru Rəvan Həsənov bildirib ki, film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin həyat və fəaliyyətinə, onun Azərbaycanın ictimai və dini həyatında oynadığı mühüm rola həsr olunub. İcraçı direktor diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 50-dən çox xalqın və etnik azlığın nümayəndəsi yaşayır. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan "Vətənə bağlı" sənədli filmində də Azərbaycandakı multikultural mühit, yəhudilər və onların Azərbaycandakı yaşayışı lentə alınıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, filmin ssenari müəllifi Afaq Vasifqızı və rejissoru Elnurə Kazımova film haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, "Vətənə bağlı" sənədli filmi Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir.
Filmin nümayişindən sonra çıxış edənlər - Milli Məclisin deputatları Arzu Nağıyev, Ceyhun Məmmədov, Azərbaycan Televiziyasının "Telefilm" studiyasının direktoru rejissor Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Sirus Mirzəzadə, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili vurğulayıblar ki, "Vətənə bağlı" sənədli filmi Milix Yevdayevin zəngin həyat yolunu və onun Azərbaycan cəmiyyətində oynadığı mühüm rolu əks etdirən dəyərli bir ekran əsəridir. Bu film vasitəsilə tamaşaçılar təkcə bir insanın ömür yolunu deyil, Azərbaycanın tolerantlıq ənənələrini izləmək imkanı qazanırlar.
Təqdimat mərasimi çərçivəsində rəssam Ülkər Əliyevanın rəsm əsərləri nümayiş olunub.
Tədbirin sonunda Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına və filmin yaradıcı heyətinə dərin təşəkkürünü bildirib.