Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dək nümayəndəsinin iyulun 9-da Ermənistanın işğalından azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Səfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında təşkil olunub.
Səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.
Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, “Füzuli” yarımstansiyasına baş çəkəcəklər. Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.