Prezidentin köçkünlərin yaşayış kompleksində verdiyi mühüm mesajlar - TƏHLİL

Prezidentin köçkünlərin yaşayış kompleksində verdiyi mühüm mesajlar - TƏHLİL

9 Oktyabr, 17:05 Sosial mediada paylaşın:

Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Söhbət yalnız münaqişənin həllinin ölkəyə, vətəndaşlara vurduğu maddi zərərdən və onun qarşılanmasından yox, işğal faktının aradan qaldırılaraq konfliktin hüquqi, beynəlxalq normalar çərçivəsində həlli yönündə səylərdən gedir.

İki vacib xətt

Heç şübhəsiz ki, birinci istiqamət – yəni münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Bu yöndə həyata keçirilən siyasətin təhlili deməyə əsas verir ki, bu istiqamətdə iki xətt əsas götürülüb:

·        Münaqişə həllini tapanadək, yəni məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdanadək onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, məcburi köçkünlər arasında yoxsulluğun aradan qaldırılması

·        “Böyük qayıdış” proqramının hazırlanması və icrasına başlanılması

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi konsepsiyası çərçivəsində artıq bu vaxtadək 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük qayıdış” proqramının hazırlanmasıdır.

Son illərdə Azərbaycan hökumətinin layihələndirdiyi ən böyük proqramlardan biri də “Böyük Repatriasiya”dır (Böyük qayıdış). Proqramın hazırlanmasında beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları da yaxından iştirak edib.

“Böyük qayıdış” proqramında həm işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanması, həm də işğal ərazilərinin azad olunmasından sonra bərpa və yenidənqurma işlərinə başlanılması  nəzərdə tutulub.

“Qayıdış proqramı” tam miqyasda “Böyük sülh” sazişi imzalanandan sonra həyata keçirilməyə başlanacaq. Proqramın sülh sazişinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub: minadan təmizləmə əməliyyatları, rayonlar üzrə ayrı-ayrılıqda dəymiş ziyanın və aparılacaq bərpa işlərinin yenidən qiymətləndirilməsi, infrastrukturun – yol, kommunikasiya qurğularının və s. – bərpası, yeni qəsəbələrin tikintisi. Nəhayət, qəsəbələrin tikintisi başa çatdıqdan sonra məcburi köçkünlərin qaytarılması prosesi təmin olunacaq. Sonuncu mərhələdə isə yeni iş yerlərinin yaradılması həyata keçiriləcək.

Proqramın icrası istiqamətində artıq ilk addım da atılıb: işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndi və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsində proqramda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Ümumiyyətlə, 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. 2007-ci ildə Çadır şəhərciklərinin ləğv edilməsi prosesi tamamilə başa çatıb.

Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

 

Prezident hansı mesajları verdi?

Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edərkən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı vacib detallara toxundu, mühüm mesajlar verdi.

Birincisi, prezident bildirdi ki, bu kateqoriyadan olan bütün vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, onların mənzil-məişət və məşğulluq problemlərinin həlli davam edəcək.

İkincisi, dövlət başçısı bu kompleksin özəl sektorun hesabına salındığını diqqətə çatdırdı və şirkətləri bu sosial problemin həllində dövlətlə birgə addımlamağa çağırdı.

Nəhayət, Prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının yeganə həll yolu olduğunu, bu həllin alternativsizliyini bir daha vurğuladı və Ermənistanın baş nazirinin açıqlamalarının cəfəngiyyat olduğunu qeyd etdi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam.”

Beləliklə, iqtisadi və siyasi seytnotda olan Ermənistanın regionun lider dövlətinə qarşı oyunu uzun müddət davam etdirə bilməyəcəyi aydın görünür. Azərbaycan dövlətinin isə, artıq dediyimiz kimi, iqtisadi qüdrəti imkan verir ki, bütün vətəndaşlarının, eləcə də münaqişənin ağır nəticələri ilə üzləşmiş vətəndaşlarının sosial problemlərini həll etsin, eyni zamanda, paralel olaraq öz hərbi və siyasi qüdrətini artırmaqla Ermənistanı küncə sıxmaqda davam etsin.

Nəhayətində, Ermənistan üçün yalnız iki yol var: ya substantiv danışıqlarla münaqişəni həll etmək, ya da təslim olmaq!

Vüsal Məmmədov

CANLI YAYIM