Sürücülər üçün yenilik: etibarnaməni elektron formada verə biləcəklər

Sürücülər üçün yenilik: etibarnaməni elektron formada verə biləcəklər

21 Noyabr, 17:24 Sosial mediada paylaşın:

Azərbaycanda dünyada ilk olan İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib. Bununla yanaşı, ölkədə mobil etibarnamə sistemi də fəaliyyətə başlayır.

Hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Dünyada ilk dəfə ölkəmizdə tətbiq edilən İctimai İşlərə Nəzarət Qurğusunun iş mexanizmi bunu tələb edir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs iş yerinə gəldikdə bu qurğunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri Monitorinq Mərkəzində göstərir. Həmin şəxs işi yekunlaşdırdıqdan sonra qurğunu söndürür. Bununla da qurğu vasitəsilə həmin şəxsə tam olaraq nəzarət edilir.

Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, sözügedən sistem 2 aydır tətbiq olunur: “Cəmi bir neçə məhkum izlənir və göstəricilər yüz faizə yaxındır, yəni hər hansı bir pozuntu halları aşkarlanmayıb. Əlavə nəzarətlər də həyata keçirilir”.

Digər bir yenilik isə mobil etibarnamə sisteminin tətbiqidir. Belə ki, hər bir vətəndaş bu sistemi telefonuna yükləməklə 24 saat ərzində heç bir notoriat ofisə getmədən, sənəd təqdim etmədən nəqliyyat vasitələrinin idarə edilməsininə dair etibarnaməni rəsmiləşdirə biləcəklər.

Bunun üçün mobil tətbiqə daxil olaraq nəqliyyat vasitəsini seçmək, etibar olunan şəxs barədə məlumatı qeyd etmək və etibarlıq müddətini seçmək lazımdır. Daha sonra isə ödənişi edərək 5 dəqiqə ərzində istənilən şəxsə etibarnamə vermək mümkündür. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Baş Dövlət Yol Polisi İdarəsinə göndərilir. Sözügedən sistem noyabrın 22-dən etibarən vətəndaşların istifadəsinə veriləcək. Hazırda bununla bağlı sınaq aparılır.

Bundan başqa, vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış elektron ədliyyə köşkü vasitəsilə icra sənədləri üzrə borcların ödənilməsi və məhdudiyyətlərin avtomatlaşdırılmış qaydada aradan qaldırılması həyata keçiriləcək.

Tural Qurbanov

CANLI YAYIM