Prezident İlham Əliyevin elan etdiyi prioritet məsələ: bölgələrin inkişafı

Prezident İlham Əliyevin elan etdiyi prioritet məsələ: bölgələrin inkişafı

26 İyul, 16:09 Sosial mediada paylaşın:

Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu rayonların sakinlərinin tez bir zamanda doğma torpaqlarına dönüşünün təmin olunması ilə yanaşı, Azərbaycanın digər bölgələrinin də inkişafı Prezident İlham Əliyevin elan etdiyi prioritet məsələdir. Bütün şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin inkişafını daim diqqətdə saxlayan dövlət başçısı mütəmadi olaraq bölgələrimizə səfərlər edir, tapşırıq və tövsiyələrini verir, görülən işləri birbaşa özü nəzarətdə saxlayır. Başlıca hədəf Azərbaycanın daha da inkişafı, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsidir.

Cərəyan edən yeni proseslər yeni yanaşmanı və islahatları tələb edir. Hər zaman bunu diqqətdə saxalayan Prezident İlham Əliyev mütəmadi olaraq ölkədə inkişafa, tərəqqiyə hesablanan yeni islahatlara start verir. Əbəs deyil ki, Prezident İlham Əliyev beynəlxalq aləmdə həm də islahatçı lider kimi qəbul olunur. Bu uğurlu  islahatların əsasında isə dövlət başçısının geniş dünyagörüşü, zəngin intellektual potensialı, qlobal düşüncə tərzi dayanır. Prezident İlham Əliyevin Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi konkret addımlarda, görülən işlərdədir.

Ölkənin artan maliyyə imkanları şəhər və rayonlarımızla yanaşı, artıq kəndlərimizin də simasını modern və ağıllı  üslubda dəyişməyə əlverişli imkan yaradır. Layiqli həyat şəraitinin yaradılmasını prioritet elan edən Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını məmurların qarşısında da bir nömrəli vəzifə qoyur.

Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsində böyük rolu və payı olan bütün bölgələrimizdə davamlı olaraq mühüm proqram və layihələr həyata keçirilir. Bölgələrdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yeni yolların çəkilməsi, içməli su ilə təminat, sosial infrastrukturun yenilənməsi, başlıcası isə yeni iş yerlərinin açılması, məşğulluğun təmini üçün layihələr uğurla icra olunur.

Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biri də sosial ədalət prinsipidir. Əhalinin həssas təbəqəsinin - şəhid ailələrinin, müharibə əlillərinin ən böyük himayədarı olan dövlət başçısı onların sosial problemlərinin həlli, işlə təminatı üçün gərəkən bütün addımları atır və bu işin yerlərdə də lazımi səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verir, görülən işləri nəzarətdə saxlayır.

Bu gün Azərbaycanın bütün bölgələrinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Reallaşdırılan nəhəng layihələr ilk növbədə ölkəmizin gücü və qüdrətinin, vətəndaşına verdiyi layiqli qiymətin  göstəricisidir.

Südabə Cahangirli

 

CANLI YAYIM