Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət, Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qala-konsert avqustun 26-da yayımlanacaq.
Qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub.
Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edib. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunub.
Qala-konsert AzTV vasitəsilə avqustun 26-sı 22:15-dən etibarən canlı yayımlanacaq. Muğam ziyafətini AzTV-nin rəsmi feysbuk, tviter səhifələrində, yutub və teleqram kanallarında canlı izləmək mümkün olacaq.
Finalın və qala-konsertinin Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.
Xatırladaq ki, avqustun 6-da keçirilməli olan “Muğam”ın qala-konserti həmin günlərdə şəhid olan hərbçilərimizin xatirəsinə ehtiram əlaməti olaraq, təxirə salınmışdı.