Milli Məclisin plenar iclaslarında bir neçə beynəlxalq saziş müzakirəyə çıxarılacaq

Milli Məclisin plenar iclaslarında bir neçə beynəlxalq saziş müzakirəyə çıxarılacaq

19 Sentyabr, 12:05 Sosial mediada paylaşın:

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il payız sessiyasında bir neçə beynəlxalq saziş müzakirə edilib.

Müzakirə edilən “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında investisiyanın təşviqi, qorunması və təminatına dair məsələləri tənzimləyir.

Daha sonra toplantıda “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları, eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.

Həmçinin, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində isə tərəflər arasında dövlət sərhədinin müəyyən olunmuş buraxılış məntəqələrindən beynəlxalq avtomobil əlaqələri üçün açıq olan yollarla sərnişin və yük avtomobil daşımalarının, tranzitlə və üçüncü ölkəyə/ölkədən keçirilən yük daşımalarının tənzimlənməsi nəzərdə tutulub. 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan, preambula və 22 maddədən ibarət olan Sazişdə sərnişinlərin daşınmasının təşkili qaydaları, icazələrin verilməsi qaydaları, yük daşımaları, yük daşımalarına dair icazələrin növləri, müddətləri, fərqlənmə və qeydiyyat nişanları, sürücülük vəsiqələri, qabarit və çəki, xüsusi yüklərin daşınması, vergi və rüsumlar, sanitar, gömrük, avtonəqliyyat vasitəsi sahibinin üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət və s. kimi məsələlərin tənzimlənməsi əksini tapıb.

İclasda “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə edilib. 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də məktublar mübadiləsi formasında imzalanan sənəd BEPS layihəsinin 2025-ci ilin dekabr ayına qədər davam etməsini özündə əks etdirir. Layihəyə assosiativ üzvlük Azərbaycan üçün İnklüziv Çərçivə və onun törəmə qurumları tərəfindən BEPS istiqamətində görülən işlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri ilə bərabər səviyyədə tam şəkildə iştirakı nəzərdə tutur. Bura İnklüziv Çərçivə və onun törəmə qurumlarının BEPS-ə dair iclaslarının gündəliyinə çıxarılan bütün məsələlərə dəvət olunmaq, BEPS layihəsi ilə bağlı bütün nəticələrə dair qərarların verilməsində iştirak və başqa hal nəzərdə tutulmayıbsa, bu nəticələrlə bağlılıq, nümayəndələrin BEPS layihəsinin Rəhbər Qrupuna seçilmək hüququna malik olması daxildir.

Qeyd edilən məsələlərin Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacağı gözlənilir.

 

CANLI YAYIM