Müharibədən ən çox əziyyət görmüş İrpendə canlanma: fəsadlar aradan qaldırılır - XÜSUSİ REPORTAJ

Müharibədən ən çox əziyyət görmüş İrpendə canlanma: fəsadlar aradan qaldırılır -XÜSUSİ REPORTAJ

20 Sentyabr, 22:57 Sosial mediada paylaşın:

“Məktəbimizin yenidən təmir olunması və istifadəyə verilməsində əməyi böyük olan hörmətli Prezident İlham Əliyevə təşəkkürümü bildirdim. Bir daha qeyd etməliyəm ki, şəhərimizin bu ağır günlərində Azərbaycan dövlətinin dəstəyini qəlbimizdə və günlük həyatımızda hiss etdik. Çox duyğulandıq, qürur duyduq. Həm dövlətimizə, həm də Azərbaycana təşəkkür edirəm. Çətin dövrdən keçirik və bilirik ki, haqqın tərəfində olan dostlarımız var”. Bu sözləri Ukraynada Akademik Zərifə Əliyeva adına İrpen şəhər orta məktəbinin direktoru Valentina Antonenko AzTV-nin əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edək ki, məktəb İrpen şəhərinin ən böyük təhsil ocaqlarından biridir. Müharibə şəraitinə baxmayaraq, məktəbdə tədris artıq başlayıb. Hərbi vəziyətlə əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunması əsas şərtdir. Valideynlər və şagirdlər təlimatlandırılır, həyəcan siqnalı zamanı dərslərə fasilə verilir. Təhlükə sovuşanadək müəllim və şagirdlər zirzəmidə gözləməli olurlar.

Şagirdlərdən birinin anası deyib ki, həyəcan siqnalları zaman-zaman səslənir: “Ən qorxulusu odur ki, təhlükənin İrpen üçün yaxın və ya uzaq olmasını müəyyən etmək mümkün olmur. Uşaqları da məktəbə göndərərkən stress yaşayırıq”. Başqa bir valideyn isə qeyd edib ki, dağılan məktəbin təmiri onlar üçün də, övladları üçün də xoşdur: “Məktəb yenidən tikilib və dərslər keçirilir. Yaxşı təmir olundu, minnətdarıq. Təhlükə anında uşaqların sığına biləcəyi zirzəmi də var. Çox razıyıq. Amma sözsüz ki, həm də nigaranıq”.

Xatırladaq ki, müharibə zamanı zərər görən məktəb binası Azərbaycan dövlətinin humanitar yardımı ilə yenidən təmir olunub.

Amal Alışarlı

CANLI YAYIM