Zabitlər və psixoloqlarla toplantı keçirilib

Zabitlər və psixoloqlarla toplantı keçirilib

5 İyun, 14:30 Sosial mediada paylaşın:

Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə şöbə və bölmə rəisləri, əlahiddə hərbi hissələrin qərargah rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçiləri və psixoloqları ilə toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev toplantı iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin də iştirak etdiyi toplantıda 2023-cü il ərzində ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində görülən işlər, hərbi intizamın vəziyyəti təhlil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, cari il ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin çıxışlarından irəli gələn tapşırıqlar mütəmadi olaraq şəxsi heyətə çatdırılıb.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülən işlərdən danışıb, ideoloji iş və mənəvi-psixoloji təminat tədbirlərinin səmərəliliyinin artırılması ilə bağlı lazımi tövsiyələr verib.

Sonda tərbiyəvi işin planlı şəkildə aparılmasına, ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsinə, hüquq qaydalarının öyrənilməsi və hərbi intizamın möhkəmləndirilməsinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.

Toplantı çərçivəsində, həmçinin yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə onlarla ideoloji iş üzrə profilaktik söhbətlər aparılıb.

CANLI YAYIM