Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi” açılıb

Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi” açılıb

18 Noyabr, 10:21 Sosial mediada paylaşın:

Çinin Şansi vilayətinin paytaxtı olan Sian şəhərində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.

Noyabrın 17-də ticarət evinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov, Sian xalq hökuməti xarici işlər dəftərxanasının müdiri Çian Şen və digərləri Sian şəhərində “Azərbaycan Ticarət Evi”nin açılmasının rəmzi məna daşıdığını bildiriblər. Belə ki, Sian şəhəri qədim İpək yolunun Çindəki başlanğıc nöqtəsi, Azərbaycan isə tarixən İpək yolu üzərində vacib ölkə olub. Müasir dövrdə Çindən Avropaya yük qatarı marşrutlarından bir neçəsi məhz Azərbaycandan keçir. Qeyd edilib ki, “Kəmər və yol” təşəbbüsü ticarət, nəqliyyat, mədəni mübadilə vasitəsi ilə Azərbaycan və Şansi vilayətini bir-birinə daha da yaxınlaşdırıb. Ticarət evinin açılması da bunun bariz nümunəsidir.

Şəhərin işgüzar zonasında yerləşən və 600 kvadratmetr sahəsi olan ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına və sərmayə mühitinə aid materiallar nümayiş olunur. Ticarət evində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar, o cümlədən çay, meyvə şirələri, kompotlar, müxtəlif kosmetik məhsullar, şərab və brendilər, digər alkoqollu və alkoqolsuz içkilər, konservlər çinli istehlakçılara təqdim edilir.

Qeyd edək ki, bu, Azərbaycanın Çində sayca 5-ci ticarət evidir. Digər 4 ticarət evi Çindao, Canciaciye, Çendu şəhərlərində və paytaxt Pekində fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 “Şərab evi” də fəaliyyət göstərir. Ticarət evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir. Şansi vilayəti Çinin şimal-qərb hissəsinin ən inkişaf etmiş bölgəsidir. Vilayətin 40 milyon, paytaxt Sianın isə təxminən 10 milyon əhalisi var. Belə bir şəhərdə “Azərbaycan Ticarət Evi”nin açılması təqdirəlayiq haldır.

CANLI YAYIM