Şah Abbasın Gəncədəki yadigarı - Cümə məscidindən reportaj

Şah Abbasın Gəncədəki yadigarı - Cümə məscidindən reportaj

9 Yanvar, 17:25 Sosial mediada paylaşın:

Gəncə abidələri içərisində memarlıq həllinə görə diqqəti cəlb edən ən böyük tikili Şah Abbas (Cümə) məscididir.

Məscid kompleksinin ərazisi dördbucaqlı formasındadır. Hazırda Şah Abbas məscidi iri giriş otağından, iki qoşa minarədən və böyük məscid binasından ibarətdir. Şərq memarlıq üslubunda inşa olunan məscid çiy kərpicdən tikilib. Dördbucaqlı plana malikdir, üstü günbəzlə örtülüb. Şah Abbas məscidinin palıddan olan minbərinin üzərində işlənən oyma bəzəklər Azərbaycan şəbəkəçilik sənətinin nadir nümunələrindən hesab edilir. Minbərin ölçülərinin məscidin qapılarından böyük olması təsdiq edir ki, sənətkarlar onu məscidin daxilində yığıblar.

Məscid binasının giriş tağındakı qapının üstündə iki daş kitabə bu günədək qorunub saxlanılır. Kitabələrdən biri ərəb, digəri isə fars dilindədir. Bundan başqa, məscid kompleksində minarə və çökək hamam kimi tanınan tarixi tikililər də yer alır. 

Şah Abbas Cümə məscidi müxtəlif vaxtlarda bir neçə dəfə əsaslı təmir olunub və ya restavrasiya edilib.

2008-ci ildə əsaslı təmir-bərpa işləri aparılan Şah Abbas məscidinin hücrələrinin birində restavrasiya aparılan zaman suvağın altından 1910-cu ilə aid məktub aşkar olunub. Məktubun araşdırılması zamanı məlum olub ki, Gəncə sakini molla Qasid adlı şəxs 25 il ərzində öz halal zəhməti ilə yığdığı vəsaiti məscidin əsaslı təmirinə xərcləyib.

Sonuncu dəfə 2008-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb. İbadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələr  yenidən işlənərək əsrarəngiz görkəm verilib və divarları xüsusi zövqlə rənglənib.

Ümumi ərazisi 1 hektardan artıq olan Şah Abbas məscidi kompleksi ərazisində tarixi abidə kimi qeydə alınan tikililər dövlət tərəfindən qorunur.

Xaliq Qurbanlı

CANLI YAYIM