İyun ayının 1-i əksər ölkələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.
Bu günün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti və məhsuldarlığı simvolizə edən yaşıl fonda Yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə stilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş Yer fiquru bizim ümumi evimizin simvoludur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar.
Bu gün dünyada uşaqlar tez-tez böyüklərin aqressiv davranışlarının qurbanına çevrilir, həmçinin müxtəlif təhlükələrlə üzləşirlər. Bunlara media və internetin uşaqların fiziki və psixi sağlamlığına mənfi təsiri, Asiya və Afrika ölkələrində uşaqların aclıqdan və xəstəliklərdən əziyyət çəkmələri, bəzilərinin 5 yaşına çatmadan vəfat etmələri daxildir. Bir çox uşaqları QİÇS, savadsızlıq və silahlı münaqişələr təhdid edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasını qəbul edib. Bu, Uşaq Hüquqları Bəyannaməsinin qəbulundan 30 il sonra baş verib. Konvensiyada dövlətlərin, hökumətlərin, qeyri-hökumət təşkilatlarının, medianın və ayrı-ayrı şəxslərin uşaqların hüquqlarının qorunması üçün hansı tədbirləri görməli olduqları göstərilir. Bu gün dünyada uşaqların 96 faizindən çoxu Uşaq Hüquqları Konvensiyasını təsdiqləməklə uşaq hüquqlarının qorunması öhdəliyini götürmüş ölkələrdə yaşayır.
Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunublar.
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bununla ölkəmiz uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını üzərinə götürüb.