Vətən müharibəsinin xronikası: 9 noyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında bildirib.
• Daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edilib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında məlumat verib.
• Prezident İlham Əliyev “BBC News”a müsahibə verib.
• Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Çoxlu itkilər verən işğalçı ordu geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, bir ədəd T-72 tankı, bir ədəd D-30 topu, bir minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili sıradan çıxarılıb.
• Müdafiə Nazirliyi düşmənin atəş nöqtələrinin və şəxsi heyətinin məhv edilməsini əks etdirən videogörüntü yayıb.
• Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib.
• Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir.
• Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
• Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb.
***
Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi.
Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası